Günayın da qatıldığı mərhələnin qalibi bəlli oldu

ESTAFET/ Azərbaycanın gənc şahmat istedadı Günay Məmmədzadənin də qatıldığı qadınlar arasında sürətli şahmat üzrə onlayn dünya çempionatı - Qran-Prinin 3-cü mərhələsi başa çatıb. Bu dəfə qalib adını rusiyalı Yekaterina Laqno qazanıb.

O, finalda çinli Hou Yifenə 6,5:5,5 hesabı ilə qalib gəlib. Üçüncülük matçında digər rusiyalı Aleksandra Kostenyuk iranlı Saradadat Hademalşarehi məğlub edib – 7:4.

Dörd mərhələdən ibarət turnirin ilk iki yarışında ukraynalı Anna Uşenina və rusiyalı Valentina Qunina qalib olub. Sonuncu mərhələ iyulun 15-də başlayacaq.

Qeyd edək ki, hər şahmatçı dörd mərhələdən üçündə qüvvəsini sınayır. Yerlərə görə toplanılan xalların yekununda ən yaxşı olanlar Superfinalda mübarizə aparacaq. Qatıldığı hər üç yarışda 1/8 finalda dayanan Günay son turniri buraxacaq və Superfinal şansını da itirib.

Müəllif: Natiq NƏSİROV