“Sumqayıt”a ən yaxşı variant - ilkin mərhələnin cütü
ESTAFET/ Avqustun 10-da UEFA Avropa Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması keçiriləcək. Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” və “Keşlə”dən fərqli, “Sumqayıt” səpələnməmişlər qərarlaşacaq.
Bu isə o deməkdir ki, avrokubokların debütantının işi asan olmayacaq. O qədər də güclü heyətə malik olmayan və təcrübəsi ilə də öyünə bilməyən komandanın əsas ümidləri püşklə bağlı olacaq.
Çünki mümkün rəqiblər arasında keçilməsi mümkünsüz görünən komandalar da var, “Sumqayıt”ın dişinə görə olanlar da.
Ümumilikdə, Ayxan Abbasovun yetirmələri üçün 44 mümkün variant var. Bu da onunla bağlıdır ki, səpələnmişlər səbətində yer alan Azərbaycan klubları “Keşlə” və “Neftçi”, həmçinin Ermənistan "Alaşkert"i sumqayıtlılara rəqib ola bilməz.
Digər 44 varianta gəlincə, onlardan üçü ilkin mərhələnin cütləridir. Bir rəqib isə hələ dəqiqləşməyib. Bu, Rumıniya komandası olacaq.
“Sumqayıt” üçün yalnız üç variant ideal sayılır. Söhbət ilkin mərhələnin cütlərindən gedir. “Linkoln” (Cəbəllütariq), B-36 (Farer adaları) və “Santa Koloma”nın (Andorra) favoriti olduğu bu cütlərin qalibi ilə nəinki evdə, hətta səfərdə də uğur qazanmaq mümkündür.
Təmsilçimizin debütant olması ehtiyatlı danışmağa vadar edir. Bu səbəbdəndir ki, digər klublarımız üçün çətin sayılmayan rəqiblər “Sumqayıt”a təhlükə ola bilər. Bir sıra klublarla yalnız evdə qarşılaşmağı arzulamaq lazımdır. Bunlar “Ordabası” (Qazaxıstan), “Proqress” (Lüksemburq), "Sutyeska" (Monteneqro), “Şemrok Rovers” (İrlandiya), “Riterlay” (Litva), “Hafnarfyordur” (İslandiya), “Şkendiya” (Şimali Makedoniya), TNS (Uels), “Zrinski” (Bosniya və Herseqovina), “Kayrat” (Qazaxıstan),
“Jalgiris” (Vilnüs, Litva), "Kukesi" (Albaniya), “Vaduts” (Lixtenşteyn), “Valletta” (Malta), “Nomme Kalyu” (Estoniya) və “Ventspils”dir (Latviya). Düzdür, bunlardan bəzilərini səfərdə də udmaq olar. Amma bu duellərdə risk ehtimalı böyük olar.
Səpələnmişlər səbətinin əksər komandaları “Sumqayıt” üçün arzuolunmazdır. APOEL (Kipr), “Partizan” (Serbiya), "Styaua" (Rumıniya), "Maribor" (Sloveniya), "Hapoel" (Beer-Şeva, İsrail), “Dinamo” (Minsk, Belarus), "Lex" (Polşa) və "Aberdin" (Şotlandiya) daha təhlükəli görünür. Digər klublarla evdə oynamaq olar. Amma istənilən halda, “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Fehervar” (Macarıstan), “Orxus” (Danimarka), “Motervell” (Şotlandiya), "Olimpiya" (Sloveniya), “Topola” (Serbiya), “Servett” (İsveçrə), “Şaxtyor” (Belarus), “Malmö” (İsveç), “Hammarbü” (İsveç), "Bodo Qlimt" (Norveç), MOİK (Bolqarıstan), “Honved” (Macarıstan), “Makkabi” (Hayfa, İsrail), "Beytar" (İsrail), həmçinin Rumıniya təmsilçisi də çətin rəqib sayılmalıdır. (apasport.az)