“Zirə” Braziliyadan qapıçı transfer etdi

ESTAFET/ Braziliyalı qapıçı Mateus Albino karyerasını Azərbaycanda davam etdirəcək. Bu barədə portalcambe.com.br saytı  məlumat yayıb.

Bildirilir ki, ötən ilin sonunda B seriyasını tərk edən və bu il C seriyasında mübarizə aparan “Londrina” klubunun bir nömrəli qolkiperi olan 25 yaşlı Albino tezliklə “Zirə” klubu ilə müqavilə imzalayacaq. “Zirə” ilə danışıqları uğurlu alınan Albino Avropada legioner həyatı yaşamaq istəyində olduğu üçün “Londrina” ilə münasibətlərinə son qoyub.

O da vurğulanıb ki, qapıçı tezliklə Bakıya yollanacaq və tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə qol çəkərək, yeni komandasına qoşulacaq. Futbolçu özü də məlumatı təsdiq edib: “Londrina” həyatımda böyük fürsət idi. Oyunumu göstərməyə imkan verən klubdur. Ancaq xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropada oynamaq arzusunda olmuşam və o an gəldi".

Qeyd edək ki, 2018-ci ildən “Londrina”nın formasını geyinən Mateus Albino bu müddət ərzində meydana çıxdığı 40 oyunun 11-də qapısını toxunulmaz saxlamağı bacarıb. (apasport.az)

Müəllif: Məsim MƏSİMZADƏ