İddiaçılar Turnirinin bərpa vaxtı dəqiqləşdi

ESTAFET/ Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış şahmat üzrə İddiaçılar Turniri oktyabrın 28-də Rusiyanın Yekaterinburq şəhərində bərpa olunacaq.

Bu barədə Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski TASS-a açıqlama verib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə daimi əlaqədə olduğunu deyən Simanovski ona turnirin noyabrın 11-dək davam edəcəyi barədə məktubun gəldiyini diqqətə çatdırıb. O, yarışın şahmatçılar üçün epidemioloji situasiyanın sabitliyi şərti ilə keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İddiaçılar Turniri martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsini kəsməsi səbəb olub. 8 qrossmeysterin qatıldığı turnir VII turdan sonra yarımçıq qalıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. 

Vaşye-Laqrav məhz koronavirusun yayılması ilə əlaqədar turnirdən imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.   

Yekaterinburqda dünya şahmat tacı namizədlərinin koronavirus pandemiyası səbəbindən dayandırılmış turniri 1 Noyabrda davam edəcək. Bu barədə TASS-ın sərəncamında olan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yayımladığı press-relizdə deyilir.

Ehtiyat yeri olaraq Tiflis seçildi. (report.az)

Müəllif: Natiq NƏSİROV