UEFA Bartranı Bədavini vurduğu üçün cəzalandırdı

ESTAFET/ UEFA-nın İntizam Komitəsinin son iclasının qərarları açıqlanıb. Avrokubokların avqustda keçirilən oyunlarını müzakirə edən komitə “Qarabağ”ın Moldova “Şerif”i ilə matçında baş verən hadisəyə də biganə qalmayıb.
Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı görüşünün ilk yarısında Bədavi Hüseynovu təpiklə vurduğu üçün qırmızı vərəqə alan Abanq Anatol Bartran UEFA tərəfindən də cəzalandırılıb. Aşkar kobudluq edən futbolçu meydana çıxmaq hüququ olduğu növbəti iki matçı buraxacaq.
Abanq bu həftə keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin matçını buraxacaq. Komandası tur adlasa legioner pley-offdan da kənarda qalacaq. “Şerif” mübarizəni dayandırsa, futbolçunun qalan bir oyunluq cəzası növbəti mövsümə keçəcək. Söhbət Abanqın avrokuboklar oynamaq şansı qazanacağı növbəti ildən gedir.
Qeyd edək ki, Bakıda keçirilən "Qarabağ" - "Şerif" oyunu təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
