“Neftçi” “Dalğa Arena”da, “Qarabağ”ın Sumqayıt sınağı
ESTAFET/ Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. Turun oyunları üç günü əhatə edəcək.
İlk qarşılaşma Sumqayıtda baş tutacaq. Çempionatın sürpriz liderlərindən biri olan “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Ardıcıl iki qələbə qazanan Ayxan Abbasovun komandası matça son çempionu büdrətmək arzusu ilə çıxacaq.
Turun digər matçları Bakıda baş tutacaq. İkinci oyun günündə turnir cədvəlinin əks qütblərində qərarlaşan iki komanda görüşəcək. Xal üzünə həsrət qalan “Səbail” məğlubiyyət seriyasını evdə qırmağa ümidlidir. “Sabah” isə ardıcıl 3-cü qələbə ilə liderliyini qorumağa köklənib.
Premyer Liqanın qol buraxmayan yeganə komandası “Keşlə” ev sınağına çıxacaq. Yunis Hüseynovun yetirmələri “Zirə” ilə görüşdə qolsuz heç-heçələr seriyasına qələbə ilə son qoymaq arzusundadır.
Tura “Dalğa Arena”da yekun vurulacaq. Qələbə həsrətində olan “Qəbələ” ölkənin ən titullu klubu “Neftçi”nin qonağı olacaq. Qeyri-sabitlikdən əziyyət çəkən bakılılar liderlər qrupundan qopmamaq üçün turu itkisiz keçməlidir. Füzuli Məmmədovun yetirmələri son ev görüşündəki məğlubiyyəti bu qarşılaşmada unutdurmalıdır. Qonaqlar isə ilk qələbə və səfərdəki ilk xala görə mübarizə aparacaq.
Azərbaycan Premyer Liqası
IV turun oyunları
25 sentyabr 2020
19:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”
26 sentyabr 2020
18:00. “Səbail” – “Sabah”
“ASCO Arena”
20:15. “Keşlə” – “Zirə”
“ASK Arena”
27 sentyabr 2020
19:00. “Neftçi” – “Qəbələ"
“Dalğa Arena”