Rüstəm Avropa 3-cüsü oldu

ESTAFET/ Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin üç üzvü tatami üzərinə çıxıb. 

Rüstəm Orucovla Telman Vəliyev 73 kq, Murad Fətiyev 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Telman ilk qarşılaşmada uduzubsa, digər iki cüdoçumuz 1/4 finala qədər irəliləyib. Həm bu mərhələdə, həm təsəlliverici görüşdə uduzan Murad mükafat uğrunda mübarizəni dayandırıb. 1/4 finalda məğlub olan Rüstəm yarışı bürünc medalla tamamlayıb..

Kişilər
73 kq
Rüstəm Orucov 1/16 finalda Klaudio Nunes Dos Santos (Lüksemburq), 1/8 finalda Aleksandru Rayku (Rumıniya) üzərində qələbə qazanıb. Cüdoçumuz 1/4 final qarşılaşmasında gürcüstanlı Laşa Şavdatuaşviliyə uduzub.

Təsəlliverici mərhələdə Rüstəmin rəqibi israilli Tohar Butbul olub. Qələbə qazanan idmançımız bürünc uğrunda görüşə çıxıb. O, isveçrəli Nils Ştumpu da məğlub edərək, qitə birinciliyinin bürünc mükafatına yiyələnib.

Digər təmsilçimiz Telman Vəliyev ilk görüşdə mübarizəni dayandırıb. O, belaruslu Vadim Jokaya məğlub olub.

81 kq
Murad Fətiyev 1/32 finaldan yarışa qoşulub. Yaromir Musil (Çexiya), Anri Equtidze (Portuqaliya) və Dominik Drujetanı (Xorvatiya) məğlub edən cüdoçumuz 1/4 finala yüksəlib. Belçikalı Mattias Kasseyə uduzan təmsilçimiz təsəlliverici görüşdə qüvvəsini sınamalı olub. Bürünc medal uğrunda qarşılaşmaya vəsiqə üçün Murad Luka Maysuradze (Gürcüstan) ilə üz-üzə gəlib. Məğlubiyyətlə üzləşən cüdoçumuz mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatına 14 cüdoçu ilə qatılıb. İlk yarış günündə yalnız çempion adına yiyələn Orxan Səfərov (66 kq) mükafat qazanıb.

Müəllif: Natiq NƏSİROV