Türkiyə Super Liqası dayandırıla bilər
ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqası birinci dövrədən sonra dayandırıla bilər. Bu, çempionat iştirakçılarının ümumi qərarından asılı olacaq.
Türkiyə Futbol Federasiyası (TFF) koronavirus pandemiyası səbəbindən ikinci dövrədən etibarən 14-dən az sağlam futbolçusu olan komandanın meydana çıxmamasını və texniki məğlubiyyət almasını təklif edib. Bu, Klublar Birliyinin iclasından sonra veriləcək qərara əsasən qüvvəyə minəcək.
Əgər klub rəhbərləri müsbət cavab versə, o zaman yanvarın 24-dən sonrakı matçlarda bu qayda tətbiq olunacaq. Toplantıdan çıxan qərar TFF-nin təklifinə zidd olarsa və koronavirusa yoluxma sayı komandalarda kütləvi hal alarsa, çempionat dayandırılacaq.
Qeyd edək ki, cari mövsüm Super Liqada 9 tur geridə qalıb və komandalarda indiyə qədər 60-a yaxın koronavirusa yoluxma faktı aşkarlanıb.