Rəcəbovdan qələbə şərhi, Aronyanın bəhanəsi
ESTAFET/ “Matç ağır oldu”. Bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. Təcrübəli qrossmeyster onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final qarşılaşmasının Ermənistan təmsilçisi Levon Aronyanla ilk matçı haqda fikirlərini açıqlayıb. 2,5:1,5 hesabı ilə qalib gələn Teymur ardıcıl 3 heç-heçədən sonra 4-cü partiyada qələbə qazanıb. O, 3-cü görüşdəki çətinliyini gizlətməyib: “Bütün bu oyunlar çox gərgin keçir. 3-cü partiyada mən ağ fiqurlarla demək olar ki, düzgün oynamamışdım”.
Teymur oyun zamanı tez-tez gözünü yumması ilə bağlı suala da aydınlıq gətirib: “Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm”.
Erməni şahmatçı da qarşılaşma barədə danışıb: “Əlbəttə, mən çox məyusam. Oyuna hazırlıq prosesində səhvə yol vermişdim”.
Aronyan finalın sabah keçiriləcək ikinci matçına ümidli olduğunu gizlətməyib: “Daha yaxşı oynamağa çalışacağam. Şansımı qaçırmaq istəmirəm. Planım belədir”.