"Sevinirəm ki, sonda qələbə Azərbaycanın adına yazıldı": Rəcəbov
ESTAFET/ “Hörmətli Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizin təbrikiniz mənə böyük şərəf verdi. “Airthings Masters” turnirində qazanılan qələbəni Azərbaycan şahmatının, ümumilikdə ölkə idmanının uğuru hesab edirəm”.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bunu qrossmeyster Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində keçirilən rapid üzrə onlayn “Airthings Masters” turnirində qazandığı qələbə münasibətilə səmimi təbriklərinə görə dövlətimizin başçısına və Birinci xanıma minnətdarlıq edərkən deyib.
Şahmatçıların Azərbaycan dövlətinin diqqətini daim hiss etdiklərini vurğulayan qrossmeyster bildirib ki, yaradılan şərait çıxış etdiyimiz bütün yarışlarda qələbə uğrunda mübarizə aparmağa kömək edir: “Peşəkar şahmatçı kimi, hər yarışda Vətənimin idman nüfuzunu layiqincə qorumağa çalışıram. Çox gərgin oyunlar keçirdim və sevinirəm ki, sonda qələbə Azərbaycanın adına yazıldı. Cənab Prezident, ölkəmiz tarixində ən böyük qələbəni 2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu qazanıb. İşğal altındakı torpaqlarımız otuz ildən sonra Sizin - Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə ordumuz tərəfindən düşmən tapdağından azad etdi. Bu tarixi Qələbə Sizin qətiyyətiniz, müdrik rəhbərliyiniz və milli birliyimiz sayəsində əldə olundu. Cənab Prezident, Sizə və qalib Azərbaycan Ordusuna xalqımıza və mənə yaşatdığınız Zəfər sevincinə görə dərindən minnətdarlıq və təşəkkür bildirmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, bu Qələbə biz şahmatçılara gələcək yarışlarda güc və ruh yüksəkliyi verəcək”.
Azərbaycanın dünyada intellektual və idman, o cümlədən aparıcı şahmat ölkəsi kimi tanındığını vurğulayan qrossmeyster qeyd edib: “Sizin şahmata və şahmatçılara göstərdiyiniz diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanır, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alır. Sizi və Azərbaycan xalqını sevindirdiyim üçün çox xoşbəxtəm”.