Onlayn şahmatda yenilik - FIDE əsasnamə hazırladı
ESTAFET/ Şahmat üzrə yarışların keçirilmədiyi koronavirus pandemiyası dövründə bu idman növünün onlayn versiyası populyarlıq qazanıb. Bu, FIDE-nin də diqqətindən yayınmayıb.
Dünya şahmat qurumu onlayn oyunlar üçün yeni əsasnamə hazırlayıb. Sənəd FIDE-nin Şurası tərəfindən təsdiqlənib. Bütün rəsmi turnirlər yeni əsasnamə ilə təşkil olunacaq.
Xüsusi İşçi Qrupun tərtib etdiyi sənəd üç hissədən ibarətdir. 1-ci bölmə əsas qaydalara həsr olunub. 2-ci hissə ümumilikdə onlayn turnirlərin qaydalarını əks etdirir. Əsasnamənin sonuncu bölümündə onlayn turnirlərin iki növü üzrə qaydalar ayrı-ayrılıqda qeyd olunub. Bunlar tam onlayn və hibrid turnirlərdir. Sonunculara şahmatçıların federasiya, klub və ya oteldə yerləşdirilərək oradan onlayn oynaması aiddir.
FIDE hibrid variantını daha səmərəli hesab edir. Qurum bir sıra nüfuzlu rəsmi turnirləri də bu formatda keçirməyi planlaşdırır. (apasport.az)