"Hələ mübarizə başa çatmayıbhələ mübarizə başa çatmayıb": da Silva

ESTAFET/ “Yunanıstana qarşı kollektiv şəkildə yaxşı oynadıq, fiziki hazırlığımız da daha ürəkaçan idi”. Bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə mərhələsində Yunanıstanla keçirilən oyun barədə danışarkən deyib.

Komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçdan sonra braziliyalı mütəxəssis Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb: “Taktiki planda futzalçılar verilən tapşırıqları yerinə yetirdilər. Əsas problemimiz yenə yaratdığımız epizodları qola çevirə bilməməyimizlə bağlıdır. Bunun üzərində işləyəcəyik. Çünki növbəti rəqibimiz daha çətin olacaq və o cür oyunlarda imkanları düzgün dəyərləndirməsək, istədiyimiz nəticəni də qazana bilməyəcəyik”.

Baş məşqçi bildirib ki, komandası yunanlara qarşı müdafiədə daha səliqəli oynayıb: “Rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik. Qapımıza tərəf maksimum 2-3 zərbə oldu. 10 gün ərzində tam formalaşmaq, toparlanmaq çətindir. Buna rəğmən, biz kollektiv oyun planında xeyli irəli getmişik. Əlbəttə, qələbə qazanmağımıza və birinci pillədə möhkəmlənməyimizə görə məmnunam. Ancaq hələ mübarizə başa çatmayıb. Biz məşqlərimizi davam etdirməliyik. Moldova ilə oyuna indidən hazırlaşmalıyıq. Moldova, həqiqətən də yaxşı, kollektivə sahibdir”.

Müəllif: Bəhruz MƏMMƏDOV