“Qalatasaray” Ardaya görə apelyasiya şikayəti verəcək

ESTAFET/ Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan 2 oyunluq diskvalifikasiya olunub. Buna səbəb Super Liqanın XXIV turunda “Fənərbaxça” ilə səfər matçında 34 yaşlı yarımmüdafiəçinin təhqiramiz ifadələr işlətməsi olub.

Lakin Türkiyə Futbol Federasiyasının (TFF) bu qərarı “sarı-qırmızılılar”ın narazılığına səbəb olub. Klub rəhbərliyi məsələ ilə bağlı bəyanat yayaraq, apelyasiya şikayəti edəcəyini vurğulayıb: “Telefonla çəkilən, mənbəsi bəlli olmadan sosial şəbəkədə yayılan videogörüntülərə görə verilən iki oyunluq cəza qəbuledilməzdir. Bu, Türkiyə futbolunda bir ilkdir. Hakimin, federasiya nümayəndəsinin və digər rəsmilərin raportunda yer almayan, kökü bilinməyən bir çəkilişdəki sözə görə cəza kəsmək bütün hüquqi qanunlara ziddir. “Qalatasaray” klubu tərəf tutaraq bu qərarı verənlərə qarşı sona qədər mübarizə aparacaq”.

Qeyd edək ki, “Ülkər” stadionunda keçirilən oyunda “Qalatasaray” “Fənərbaxça” üzərində 1:0 hesablı qələbə qazanıb. (apasport.az)

Müəllif: Estafet.az