Millimiz Qətərlə qarşılaşır

ESTAFET/ Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Bu, Canni de Byazinin yetirmələrinin 2021-ci ildə ikinci matçı olacaq. Bunadək dünya çempionatının seçmə oyununda Portuqaliyaya 0:1 hesabı ilə uduzan millimiz yoxlama xarakterli ilk görüşünə çıxacaq.
6 oyundur nəinki qələbə, hətta qola da həsrət qalan komandamız uğursuz seriyanı Asiya təmsilçisi ilə görüşdə qırmağa çalışacaq. DÇ-2022-nin ev sahibi olan Qətər millimizlə qarşılaşmada da nominal meydan sahibi olacaq. Görüş Macarıstanın Debretsen şəhərində baş tutacaq.
Qeyd edək ki, bunadək iki dəfə qətərlilərlə üz-üzə gələn yığmamız rəqibinə uduzmayıb. Bir dəfə 2:1 hesabı ilə qalib gələn milli digər matçda heç-heçə ilə kifayətlənib – 1:1.
Yoldaşlıq oyunu
27 mart 2021
21:00. Qətər – Azərbaycan
Baş hakim: İvan Kruzliak (Slovakiya)
Debretsen (Macarıstan). “Nagyerde” stadionu
