"Taktikanı rəqibə görə seçmişdik": Sənan Qurbanov

ESTAFET/ “Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Milli üzvləri bizdən kənarda olsa da, fikrimiz bugünkü oyuna bağlı idi”. Bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.

O, Premyer Liqanın “Qarabağ”la matçı (1:1) barədə fikirlərini açıqlayıb: “Qarabağ” topa nəzarət edir, rəqibə psixoloji təsir edir. Oyundan qopmadılar. Mübarizə apardılar. İstəyərdik qalib gələk. Təəssüf ki, sonda qapımızda qol gördük. Oyunçularda qələbəyə inamı hiss edirdim. Kamaranın zədələnərək əvəzlənməsi planları pozdu. O, millidən də yorğun dönmüşdü. Həmişə pressinq etməyə çalışırdıq. Amma “Qarabağ”a qarşı sıx oynamağa üstünlük verdik. Qol imkanlarımız oldu. Taktikanı rəqibə görə seçmişdik. Hücumda oynamaq istəsək də, rəqibə görə düzgün oynamağa üstünlük veririk”.

Gənc çalışdırıcı qələbənin əldən verilməsinə baxmayaraq futbolçularından razı qalıb: “Son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirir. Lakin futbolçulara təşəkkür etdim ki, oyundan qopmadılar. Biz psixoloji cəhətdən güclü olmalıyıq. Qarşıda 7 tur və kubok oyunları var. Futbolçuların meydanda can qoyduqlarını rəhbərlik də görür. Daim yanımızdadırlar. Tək kuboka köklənməmişik”.

Müəllif: Bəhruz MƏMMƏDOV