"Qarabağ" komanda deyil, yoxsa "Neftçi"?

ESTAFET/ Məncə, başlıqdakı sualın cavabı geniş anlamda sabah bilinəcək...
Son illər "Neftçi" azarkeşləri özlərinə təskinlik verirdi ki, "Qarabağ"ın adına görə sevimli komandamızın haqqını yeyirlər...
İndi Qarabağ problemi və məntiqlə həm də ada görə kiminsə sıxışdırılmaq ehtimalı yox kimi görünür...
Hətta, təsəvvür edək ki, var.
Bəs "Neftçi"yə rəhbərlik edənlərin, o formanı geyənlərin özünə nə gəlib?! Axı, hər şey öz əllərindədi! "Risk etməyən, şampan içmir!" - bu aksiomadır.
Həqiqətən də "Qızıl oyun"a bərabər bir dueldi. Dediyim kimi, hər şey "Neftçi"nin öz əlindədi. Çempionluq qaçsa heç bir bəhanə qəbul olunmayacaq!
Real güclərə gəlincə...
"Neftçi"nin futbolçuları daha az ödnişli olsalar da, komanda kimi "Qarabağ"dan ən azı pis oynamırlar, mənə görəsə daha yaxşı futbol sərgiləyirlər. "Flaqman"ın mayın 19-u çempionluğu bayram etmək üçün hər cür şansı var. "Ağ qaralar"a sadəcə cəsarət göstərmək, "Neftçi" adının ağırlığını, məsuliyyətini, yükünü hiss etmək, formalarının haqqını vermək lazımdı.
Futbolçu kimi heç vaxt bəyənmədiyim, məşqçi kimi isə ölkənin ən yaxşılarından hesab etdiyim Samir Abbasovla şəxsi tanışlığım olmasa da, bilirəm ki, xarakterli insandı. Düşünürəm ki, əgər hansısa tapşırıq gəlsə belə bu oyunu udub, çempion olub istefa verəcək dərəcədə...
Bəlkə də azarkeşlər hər şeyi çox dramatikləşdirir, tapşırıq filan olmayacaq və güclü qalib gələcək. İstəyimiz də zatən budur.
Amma daha böyük istək tapşırıq olsa belə "Neftçi"nin prezidentindən ehtiyatda oturan futbolçusuna kimi hamının var gücünü ortaya qoyub çempionluğu qazanmasıdı! Dediyim kimi buna görə nə Kamran Quliyevə, nə hansısa futbolçuya, ümumiyyətlə heç kimə, heç bir zərbə dəyəsi deyil.
Əslində, tam səmimi, "Neftçi"yə "Qarabağ" çempion olmalıdır" əmrinin veriləcəyinə inanmıram. Artıq ölkədə bütün sahələrdəki kimi, futbolda da müəyyən irəliləyişlərin olacağına, ən azı pərdərxası oyunların bitəcəyinə ümidim var.
AVRO-2020 öncəsi futbolumuzda şəffaflıq görmək həm bizi, həm də sovet dövründə deyildiyi kimi "şəhərimizin qonaqlarını" sevindirər.
Stadiona azarkeşlər buraxılsa bu oyun bayrama çevriləcəkdi. Matçın "Dalğa Arena"da keçiriləcəyini və Bakı kənd-qəsəbələrinin sakinlərinin "Neftçi"yə rəğbətini nəzərə alsaq bununla Samir Abbasovun komandasının əlavə üstünlük qazanacağını proqnozlaşdıra bilərdik.
Amma təəssüf ki, tribunlar yetim qaldı və məncə bu ağdamlıların işinə daha çox yaraya bilər... Üstəlik, "Qarabağ"ın da təcrübəsi, oturuşmuş heyəti və Qurban Qurbanov kimi baş məşqçisinin olması çox ciddi faktorlardı.
Maraqlıdır ki, "Qarabağ"da xeyli keçmiş "Neftçi"li var. Elə adını çəkdiyimiz Qurban Qurbanov, Zaur Tağızadə, Elçin Rəhmanov, Elxan Həsənov məşqçilər korpusunun özəyini təşkil edir. Rahil Məmmədov və Emil Balayev paytaxt klubunun yetirmələridir. Hətta komandanın moldovalı həkimi də "Neftçi"dən gəlib.
Hə, bir də yadımdan çıxmamış "Neftçi"nin keçmiş, "Qarabağ"ın indiki mətbuat katibi Gündüz Abbaszadə var. Yeri gəlmişkən, həmçinin CBC Sportda fəaliyyətini davam etdirən və hər iki klubu ovcunun içi kimi tanıyan Gündüzün bu derbini şərh etməsi çox maraqlı olardı. Amma matçı "Neftçi"nin keçmiş mətbuat katibi və mənim sevimli şərhçim Rüstəm Əfsərli şərh edəcək ki, bu da CBC Sportun çox əla seçimidi.
Nəhayət, bir daha azarkeşlərə qayıdıb onu deyim ki, bu matça azarkeşlər buraxılsaydı möhtəşəm bir mücadilə, tarixə düşəsi bir qarşılaşma gözləyirdim. Futbolun gözəlliyi təkcə qollar deyil, həm də azarkeşlərdi. Amma indi yalnız sosial şəbəkələrdə söz atışmaları başlayıb.
"Qarabağ" tərəfdarları belə bir kollaj paylaşıb.
"Neftçi"nin azarkeşi görkəmli bəstəkar Eldar Mansurov isə bir müddət öncə "Futbol+" qəzetinə müsahibəsində "Qarabağ"ı komanda saymıram" demişdi. Məncə, düz də eləmişdi! Azarkeşlik belə olur, yalançı, süni, müvəqqəti azarkeşləri demirəm. Bir neçə söhbətə aiddiyyatı olmayan, sizi əmin edirəm ki, "Qarabağ"a nifrət edən, uğurlarını istəməyən təmınnalı adam Eldar Mansurovu qınadı, qeyri-səmimi fikirlər bildirdilər. Amma Eldar müəllim düz etmişdi! Futbolu maraqlı edən də belə hadisələrdi. Hər kəs fikrini deməkdə azaddır. Belə söhbətlər, azarkeşlik olmasa bizdə futbol heç vaxt indikindən uzağa getməyəcək. Azarkeş futbolla, sevimli komandası ilə yaşayır, düşünüdüyünu deməyə haqqı var. Buna görə onu heç kim linç edə bilməz! İllah da Eldar Mansurov kimi incəsənətdə imzası olan bir bəstəkarı.
Hər iki komandaya uğurlar!
Güclü olan qalib gəlsin
