İngiltərə əlavə vaxtda vurduğu qolla finala çıxdı

ESTAFET/ AVRO 2020-də yarımfinal mərhələsi başa çatıb. Mərhələnin ikinci oyun günündə bir matç baş tutub.
Londondakı “Uembli” stadionunda İngiltərə millisi Danimarkanı qəbul edib. Futbolun yaradıcıları matçın favoriti olsalar da, hesabı çempionatın sürpriz komandası açıb.
30-cu dəqiqədə Mikkel Damsqaard fərqlənib. Bu, çempionatın ilk beş oyununda qapısını toxunulmaz saxlayan İngiltərə millisinin buraxdığı ilk qol olub.
Lakin danimarkalıların sevinci uzun sürməyib. Cəmi 9 dəqiqə sonra Simon Kyer topu öz qapısına vurub.
İkinci hissəsi qolsuz bitən matçın taleyi əlavə vaxtda həll olunub. Harri Keyn penalti zərbəsini qaçırsa da, qapıçının qaytardığı topu çərçivəyə göndərib. Bu qol İngiltərəni tarixində ilk dəfə Avropa çempionatının finalına daşıyıb.
Qeyd edək ki, AVRO-2020-nin finalı iyulun 11-də baş tutacaq.
AVRO-2020
Yarımfinal
7 iyul 2021
23:00. İngiltərə - Danimarka - 2:1
Qollar: Simon Kyer 39 (ö.q.), Harri Keyn 104 : Mikkel Damsqaard 30
Baş hakim: Danni Makkeli (Niderland)
London. “Uembli” stadionu
