"İnanıram ki, istədiyimizi əldə edəcəyik”: İsa Atayev

ESTAFET/ “Hazırlığa yaxşı başlamışıq. Komandada atmosfer yaxşıdır. Çalışırıq baş məşqçinin tələblərini yerinə yetirək”. Bunu Azərbaycan millisinin futzalçısı İsa Atayev deyib.

Yığmanın aparıcı üzvü azfutzal.az-a açıqlamasında Ukrayna ilə yoldaşlıq oyunları və bu matçlara hazırlıq barədə fikirlərini bölüşüb: “Joze Alesionun əsas istəyi nizam-intizama riayət etməkdir. Məşq prosesində də buna diqqət edirik. Dünən oyunun keçiriləcəyi FHN-in İdman-Sağlamlıq mərkəzində məşq etdik. İlk dəfə idi bu zalda məşqə çıxırdıq. İdman qurğusu, şərait haqda ancaq yaxşı sözlər söyləmək olar. Doğma meydanda oynamağın da bu kimi avantajı var”.

Atayev rəqibi də dəyərləndirib: “Ukraynaya gəldikdə, rəqibimiz də bizim kimi Avropa çempionatının final mərhələsinə hazırlaşır. Bu komanda ilə bir neçə dəfə qarşılaşmışıq. Avropanın güclü kollektivlərindən hesab edilirlər. Ən əsası, onlar sabit çıxışları ilə seçilirlər. Final mərhələsində də daim iştirak etmələri bunun göstəricisidir. Heyətləri açıqlanıb, 3 futzalçı daha çox tanışdır. Söhbət təxminən 1 ay əvvəl qarşılaşdığımız “Uraqan”ın üzvlərindən gedir. Bilirsiniz ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının əsas mərhələsində həm də Ukrayna çempionu ilə üz-üzə gəlmişdi. Həmin klubun 3 futzalçısı bu gün Ukrayna millisinin heyətində yer alır”. 

İsa təkcə nəticənin deyil, oyunun vacib olduğunu vurğulayıb: “Əlbəttə, yoldaşlıq oyunlarında nəticədən çox komandanın hazırlıq durumu yoxlanılır, səhvlər aşkarlanır. Demirəm nəticə heç kimi maraqlandırmır. İstənilən oyunda qələbə psixoloji baxımdan əlavə üstünlük qazandırır. Həm qələbə qazanmalı, həm də Avropa çempionatının final mərhələsinə hazırlığımızı yoxlamalıyıq. İnanıram ki, istədiyimizi əldə edəcəyik”.

Müəllif: Natiq NƏSİROV