"Yayda istədiyim heyəti formalaşdıra bilmədim": Rəşad Sadıqov

ESTAFET/ “Futbolçularımın çıxışından razı qaldım". Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

“Azersun Arena”da 0:2 hesabı ilə məğlub olan paytaxt təmsilçisi qış fasiləsinə turnir cədvəlinin 4-cü pilləsində yollanıb.

Oyunsonrası mətbuat konfransında Sadıqov komandasının çıxışını dəyərləndirib: “Bu tip oyunlara yaraşmayan qollar buraxdıq. "Qəbələ" ilə görüşdə də çox ucuz qol buraxdıq. Harada boşluqlar verdiyimizə baxacağıq. Uşaqlar çox inamlı idilər, rəqibdən çəkinmirdilər. "Qarabağ" bu mövsüm öz meydanında xal itirməyib. Buna baxmayaraq, düzgün futbol oynamağa çalışdıq. Nələrsə alınmadısa, bu, rəqibin gücü ilə bağlıdır".

- İstədiyiniz komandanın neçə faizi formalaşıb?
- Faizə bölmürəm. Amma oyunumuz mən istəyən səviyyədədir. Şəxsi görüşləri nəzərə almasaq, "üçlük"dəyik. 22 xal toplamışıqsa, deməli, oyundan və nəticədən razı qalmalıyam. "Qarabağ"  pressinqi ilə məşhurdur. Həm çempionatda, həm də avrokuboklarda. Buna rəğmən komandamız o pressinqdən çıxa bilirdi.

- Qış fasiləsində heyətdə nə kimi dəyişikliklər olacaq?
- Yayda tam istədiyim heyəti formalaşdıra bilmədim. Daha geniş heyət istəyirdim. Bu gün Ağabala Ramazanovu məcburiyyətdən ehtiyatda saxladım. Çünki 4 hücumçumuz var. Heyəti gücləndirmək istəyirəm. Amma ürəyimcə olmayan oyunçunu almayacağam.

- Nemanya Andelkoviçin mövqeyinə oyunçu almağı planlaşdırmırsınız?
- Planlaşdırırıq. Həm kubokda, həm də çempionatda oynayacağıq. Onun yoxluğu heç planlaşdırmadığımız anda oldu. 4 aylıq sıradan çıxdı. Bizdə və "Qəbələ"də 4-5 aylıq zədələr oldu. Bunun bərpası da çətin olacaq. Bu mövqeni mütləq gücləndirməliyik.

Müəllif: Orxan NOVRUZOV