“Məşqçilik dövründə ən çətin mətbuat konfransımdır”: Ayxan Abbasov

ESTAFET/ “Məşqçilik dövründə ən çətin mətbuat konfransımdır”. Bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIV turunda “Keşlə” ilə keçirilən oyundan sonra deyib.
40 yaşlı mütəxəssis mətbuat konfransında öz meydanlarında 1:3 hesabı ilə məğlub olduqları matçı dəyərləndirib: “Xeyli qol epizodu yaratsaq da, istifadə edə bilmirik. Uğursuzluqdan hər kəs günahkardır. Mən baş məşqçi kimi günahkaram, bel bağladığımız futbolçular da öz sahələrində. Qış fasiləsinə gedirik. Bu duruma düşmüşüksə, özümüz də çıxmalıyıq. Rəhbərliklə də müzakirə edəcəyik”.
- “Sumqayıt”ın potensialı bundan artığına imkan vermir. Sizə elə gəlmir ki, futbolçular “doyub”?
- Onlar üçüncü yerlə doymamalıdır. Hesab edirəm ki, yayda düzgün qərar verdik. Bu gün futbolçularımızın bəzisinin fikri başqa yerdə ola bilər. Hər bir komandada belə hallar yaşana bilər. Bu gün rəqib bizdən istəkli idi. Ola bilər ki, qolların olmaması oyunçulara mənfi təsir göstərdi.
- Qış təlim-məşq toplanışı xaricdə olacaq?
- Toplanışın keyfiyyəti daha çox önəmlidir. Onsuz da, Premyer Liqada bu rəqiblərlə 4 dəfə görüşürük. İstərdik fərqli komandalarla oynayaq.
- “Keşlə” xeyli sayda oyunçunu yola salacaq. Sizdə necə, qışda ciddi islahat olacaq?
- Bizdə belə seçim imkanı yoxdur.
- Pul az olandan sonra nəyin hesabına güclənəcəksiniz?
- Bütün komandalar çempionluğa oynaya bilməz. Biz 2 ildir sübuta yetiririk ki, hər şeyi pul həll etmir. Dayanmaq olmaz. Əlimizi yanımıza salmamalıyıq. Sonadək mübarizə aparmaq lazımdır.
- “Sumqayıt” tipli komandalar akademiyaya bel bağlayır, amma sizdə akademiya da zəif nəticələr göstərir...
- Daim akademiyanı diqqət mərkəzində saxlayıram. Sadəcə, indi əsas komandanı gücləndirmək potensialında futbolçu yoxdur. Bir neçə perspektivli oyunçu var, amma onların püxtələşməsinə illər lazımdır.

