“Mənim üçün ən vacib qələbə 8 noyabrda oldu”: Saşa Stamenkoviç

ESTAFET/ “Sabah”dan ayrılan qapıçı Saşa Stamenkoviç klubun rəsmi saytına müsahibə verib. Bakılıların heyətində ən çox oyun keçirən futbolçu kimi tarixə düşən sebiyalı qolkiper mövsümün sonuna qədər olan müqaviləsinə xitam verilməsinin səbəblərini açıqlayıb.

– 3,5 illik “Sabah” karyeranı bitirdin. Necə oldu ki, ayrılmaq qərarına gəldin? Nə hisslər keçirirsən?
– İlk növbədə onu deyim ki, bu qərarı vermək mənim üçün çox çətin oldu. Çünki 3 ildən çox idi ki, “Sabah”daydım və özümü burada evdəki kimi hiss edirdim. Bu qərarı verərkən çox düşündüm, lakin sonda mənim üçün futboldan daha vacib olan bəzi şeylərin olması qənaətinə gəldim. Bunun necə çətin olduğunu təkcə özüm bilirəm. Qərarımı anlayışla qarşıladıqlarına görə, klub rəhbərliyinə və məşqçilərə təşəkkür edirəm.

– Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk mövsümdən burdaydın. Klubun qısa tarixinə ən çox oyun keçirən futbolçu kimi düşmüsən…
– Onu deyim ki, mən “Sabah”dan ancaq fiziki olaraq ayrılıram. Lakin həmişə bu klubun azarkeşi kimi qalacağam. Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk ildən buradaydım. Hər şey sıfırdan qurulurdu, çox çətin idi. Burada olduğum müddətdə gənc futbolçulara meydanda və ondan kənarda futboldan zövq almaq və uğur qazanmaq üçün necə davranmalı olduqlarını izah etməyə çalışdım, öz təcrübəmi onlarla paylaşdım. Onlara həmişə əsas işə yanaşmanın, peşəkarlığın olduğunu, maddi qazancın vaxt keçdikcə öz-özünə gələcəyini dedim. “Sabah” gənc klubdur, amma inanın ki, gələcəkdə böyük klub olacaq.

– “Sabah”da çıxış etdiyin müddətdə ən yaddaqalan qələbə hansı oldu?
– Həm mənim, həm də hər bir azərbaycanlı üçün ən vacib qələbə 8 noyabrda oldu.

– Azərbaycanda çıxış etmiş legionerlər arasında azarkeşlər tərəfindən ən çox sevilən futbolçulardan birisən. Necə düşünürsən, onların sənə sevgisinin səbəbi nədir?
– “Sabah” ən uzun müddət üzvü olduğum, ən çox əmək sərf etdiyim klublardan biridir və bununa fəxr edirəm. Azarkeşlər həmişə formanın önündəki emblemi formanın arxasındakı addan üstün tutan oyunçulara daha çox rəğbət bəsləyirlər. Düşünürəm ki, onlar bunu dərhal hiss edirlər və mənə sevgilərinin əsl səbəbi də budur. Onu deyim ki, bu sevgi qarşılıqlıdır. Hər birinə təşəkkür edirəm.

– “Sabah” azarkeşlərinə nə demək istərdin?
– Onlara demək istərdim ki, həmişə klubla qalsınlar. “Sabah”, nəhayət ki, ayağa qalxıb, uğurlar uzaqda deyil. Sağlıq olsun, çox istərdim ki, karyeramı bitirəndə vida oyunumu “Sabah”ın formasında və məşhur futbolçuların iştirakı ilə, azarkeşlərin zövq alacağı şəkildə, dolu tribunalar önündə keçirim. Həyatda sahib olduğum hər şeyi mənə Azərbaycan hədiyyə edib. Bunu heç vaxt unutmuram. Buradan xoş hislərlə ayrılıram.

– Gələcək karyeranda və həyatda uğurlar arzulayırıq...
- Mənə həm oyunçu, həm də şəxsiyyət kimi özümü göstərməyimə şərait yaratdığınıza görə sizə təşəkkür edirəm. Yaşasın “Sabah”! Yaşasın Azərbaycan!

Müəllif: Bəhruz MƏMMƏDOV