AFFA “Sumqayıt”ı “Şəfa”ya döndərir: Klublar şərt qoydu

ESTAFET/ Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt” növbəti mövsümdən strategiyasını dəyişəcək.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi gəncləşdirmə siyasətinə gedəcək.
Baş məşqçi Ayxan Abbasovun yola salınması, yüksək ödənişli aparıcı futbolçuların transferə çıxarılması məhz komandanın hədəflərini kiçiltməsi ilə bağlıdır. Bu isə “kimyaçılar”ın prezidenti Riad Rəfiyevin yox, birbaşa AFFA-nın göstərişidir.
Assosiasiya keçmiş “Şəfa” versiyasına qayıdaraq, “Sumqayıt”ı U-19 və U-21-in bazasına çevirmək niyyətindədir. Qurum aşağı yaş qrupu üzrə milli komandaların əsas üzvlərini məhz “Sumqayıt”da bir araya toplayaraq, 2022/23 mövsümündən Premyer Liqada çıxışını təmin etməyi planlaşdırır. Bununla bağlı elita klubları da məlumatlandırılıb.
Hələlik klublar AFFA-nın bu istəyinə müsbət yanaşmırlar. Xüsusən də, “Qarabağ” gənc oyunçularını “Sumqayıt”a göndərməyə qarşıdır. Ancaq elita təmsilçilərinin də bunun qarşılığında assosiasiyadan bir tələbi var – limiti ləğv etmək. Yalnız bu halda klublar gənc oyunçularının “Sumqayıt”a yollanmasına razılıq verəcək.
