Asiman Top Ten turnirinin üçüncüsü olub

ESTAFET/ Milli karateçi Asiman Qurbanlı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Grand Prix turnirinin Top Ten yarışında bürünc medal qazanıb. 

25 Martda keçirilən turnirə 12 idmançı dəvət alıb. A.Qurbanlıdan başqa mükafatlar uğrunda Emil Pavlov və Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (hər ikisi Macarıstan), Rijad Dzuho (Bosniya və Herseqovina), Miçele Martina (İtaliya), Erman Eltemur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç (hər ikisi Xorvatiya), həmçinin Boqdan Trikoş (Serbiya) mübarizə aparıb.

4 qrupa bölünən idmançılar mütləq çəski dərəcəsində döyüşüb. Dairəvi sistemlə yarışın mükafatçıları topladığı ballar əsasında təyin edilib. Qalibə 2000 avro, ikinci yeri tutan idmançıya 1000 avro, üçüncü pilləyə çıxanların hər birinə isə 500 avro pul mükafatı verilib.

Müəllif: Bəhruz MƏMMƏDOV