Dünya çempionatlarına ardıcıl ən çox qatılanlar

ESTAFET Dünyanın bütün futbolçuları üçün ən böyük uğur dünya çempionatına qatılmaq, orada mübarizə aparmaqdır. Bu ilin sonlarında Qətərdə baş tutacaq mundialın 29 iştirakçısı artıq məlumdur.
Bəzi ölkələrin yığmaları ardıcıl bir neçə dünya çempionatı həyəcanı yaşayır. Bu baxımdan Braziliya millisi əlçatmaz göstəriciyə malikdir. Çünki 5 çempionluqla hamını qabaqlayan “sambaçılar” bütün mundiallarda yarışan yeganə komandadır. Qətərdəki turnir isə onlar üçün 22-ci mundial olacaq.
Ən çox iştirakçılar sırasında Almaniya ikincidir. 1930-cu ildə təşkil edilən ilk turnirə qatılmayan almanlar 1950-ci ildə kənarlaşdırıldığı üçün dünya çempionatında mübarizə apara bilməyib. 1954-cü ildən bəri keçirilən 18 dünya çempionatının hamısında yer alan almanlar 4 dəfə də kuboku başları üzərinə qaldırıblar.
Son iki dünya çempionatından kənarda qalan İtaliya millisi sıralamada üçüncüdür. Skuadra Adzurra 1962-ci ildən 2014-cü ilə qədər keçirilən 14 mundialın hər birində azarkeşlərini həyəcanlandırıb, bunların 4-də hamıdan güclü olub.
1974-cü ildən etibarən DÇ-lərdə iştirakı ənənə halına salan Argentina bu il ardıcıl 13-cü mundialına qatılacaq. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə çempion olub. İspaniya yığması isə 1978-ci ildən bəri heç bir dünya çempionatını buraxmayıb. Onların ilk və yeganə çempionluğu 2010-cu ilə təsadüf edib.
Cənubi Koreya bu il də arzusuna çatmaqla ardıcıl 10-cu dəfə mundialda gücünü sınayacaq. Asiyalılar 1986-cı ildən bəri bütün dünya çempionatlarında iştirak edib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
