Federasiya prezidenti İsrailin turizm naziri ilə görüşüb
ESTAFET/ Ölkəmizdə səfərdə olan İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevlə görüşüb. Qonağa ölkəmizdə velosiped idmanının inkişaf perspektivləri ilə bağlı məlumat verən AzVİF prezidenti qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə nəqliyyat sistemində aparılan işlər çərçivəsində velosiped yollarının çəkilməsi ilə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə halları xeyli artır və bununla paralel olaraq ölkəmizdə velosiped turizmi də inkişaf edir.
Səmimi görüşə görə təşəkkürünü bildirən İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan Velosiped İdmanı Federasiyasının kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb. Öz növbəsində Mədət Quliyev bildirib ki, gələcəkdə İsrail və Azərbaycanda təşkil ediləcək beynəlxalq yarışlarda qarşılıqlı iştirak, iki ölkə velosipedçilərinin birgə təlim-məşq toplanışlarının təşkili üçün münbit şərait mövcuddur və bu əlaqələrin daha da yaxşılaşmasına böyük töhfə verə bilər.