Elitanı tərk etməyən “böyük beşlik” və Azərbaycan klubları

ESTAFET/ Avropanın “böyük beşlik” ölkələrində yüksək liqada mübarizəyə başladıqdan sonra oranı tərk etməyən klubların adları müəyyənləşib.
İndiyə qədər cəmi 6 komanda elitada çıxışdan sonra aşağı liqaya yuvarlanmayıb.
Həmin klublardan 3-ü İspaniyanı təmsil edirsə, İngiltərədə aşağı dəstə həyəcanı yaşamayan komanda yoxdur.
Müqayisə üçün əlavə edək ki, Azərbaycanda yalnız iki komanda müstəqilliyin ilk illərindən bəri yüksək liqanı tərk etməyib. Bunlar “Qarabağ” və “Neftçi”dir. Hazırda Premyer Liqada çıxış edən digər 6 klub da elitada oynadıqdan sonra I Diviziona yuvarlanmayıb. Lakin onların yaşı hələ çox azdır.
“Barselona”
1929-cu ildən bəri təşkil edilən İspaniya çempionatında 3 komanda elitanı tərk etməyib. La Liqa tarixinin ilk çempionu olan “Barselona” indiyə qədər heç vaxt aşağı liqaya yuvarlanmayıb.
“Real”
“Barselona”nın əzəli rəqibi “Real” da yalnız yüksək liqa həyəcanı yaşayıb. 1960-cı ildən başlayaraq “Barselona” ilə rəqabətdə üstünlüyü ələ keçirən “kral klubu” İspaniyada ən çox çempion olan komandadır.
“Atletik”
İspaniya futbolunda elitadan başqa liqa görməyən üçüncü komanda “Atletik”dir. Bilbaolular “Barselona”dan sonra ölkənin çempionluq sevinci yaşayan ikinci klubudur. “Atletik” hətta ötən əsrin 50-ci illərinə qədər İspaniyada ən çox çempion olan komanda idi.
PSJ
1970-ci ildə qurulan PSJ Fransa Liqa1-nə yüksəldikdən sonra heç vaxt oranı tərk etməyib. 2011-ci ilə qədər aktivində cəmi 2 çempionluq olan Paris təmsilçisi Qətər şirkəti tərəfindən alındıqdan sonra çox güclənib və ölkənin ən güclü komandasına çevrilib.
“İnter”
İtaliyada yüksək liqanı tərk etməyən yeganə komanda “İnter”dir. “Milan” 1980-ci ildə “Toronero skandalı” ilə, “Yuventus” isə 2006-cı ildə “Kalçiopoli skandalı” ilə A seriyasından uzaqlaşdırılıb. Nəhəng klublardan yalnız “neradzurra” oyun alqı-satqılarına qarışmayıb. Üstəlik, 19 çempionluqla mövsümü ən çox zirvədə tamamlayan ikinci komandadır.
“Hoffenhaym”
Almaniyada isə heç vaxt Bundesliqadan düşməyən yeganə klub çoxlarının təxmin etdiyi kimi “Bavariya” yox, “Hoffenhaym”dır. Köklü klub olan “Hoffenhaym” 1899-cu ildə qurulsa da, Bundesliqaya ilk dəfə 2008-ci ildə yüksəlib. Həmin vaxtdan bəri çempionluq sevinci yaşamasa da, artıq iki dəfə Çempionlar Liqasında çıxış edib. (apasport.az)
