"... xal qazanmağımız mümkün olardı”: Aftandil Hacıyev
ESTAFET/ “Çox maraqlı oyuna şahidlik etdik. Hər iki komandanın iştirakı ilə çoxlu hücumlar oldu. Son dəqiqələr həyacanlı alındı”. Bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXIII turunda “Zirə”yə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Matçın ardından keçirilən mətbuat konfransında Hacıyev fikrini bu sözlərlə davam etdirib: “İki yaxşı qol epizodumuz var idi. Onlar qol olsaydı, oyunun məcrası dəyişərdi. Rəqibin fərdi ustalığı yüksək olan Hamidu Keyta kimi oyunçusu yaxşı epizodlara girib, qollar vurdu. İkinci hissədə üstün oynadıq. Amma rəqibin də sürətli futbolçuları var. Qolumuz çox gec gəldi. 70-ci dəqiqələrdə olsaydı, oyunun taleyi dəyişə bilərdi, xal qazanmağımız mümkün olardı”.
Baş məşqçi futbolçularından razılıq bildirib: “Bu gün futbolçularımdan razı qaldım. Topla daha səliqəli oynamalıydıq. Gənc oyunçularımızda ustalıq çatışmır. Rəqiblə bu fərq sezilirdi. Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətsizdir. Çempionatın sonuna 5 tur qalır. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Mövqeyimiz bizi qane etmir. Oyunumuzdan isə razıyıq. Amma nəticə də istəyirik. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram”.
Baş məşqçi kapitan Rahid Əmirquliyevin son vaxtlar az oynamasına da münasibət bildirib: “Bir az dəyişikliklər etmək istəyirik. Son oyunda qələbə qazanmışdıq, heyətdə böyük dəyişiklik etmək istəmədik. Rahid kapitanımızdır, meydanda olmasa da, dəstəyini göstərir. Gənclərə də şans vermək lazımdır”.