İntizam Komitəsinin növbəti iclası keçirilib

ESTAFET/ AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunda və Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

Kubokun “Qarabağ” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. Azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub daha 4000 manat cərimə olunub.

Yarımfinalın “Neftçi” – “Zirə” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə ödəyəcək.

Çempionatın “Qarabağ” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat ziyana düşüb. Azarkeşlərin “Sabah”ın rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi 4000 manat cərimələnib.

Ağdam klubunun futbolçusu Patrik Andrade ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Qarabağ” 200 manat ödəyəcək.

“Zirə” – “Qəbələ” matçında 4 futbolçusu sarı vərəqə alan qonaqlar 800 manat cərimə olunub.

“Sumqayıt” – “Neftçi” oyununda Camaləddin Xocaniyazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. O, meydan sahiblərini 1600 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat ziyana düşüb.

Müəllif: Bəhruz MƏMMƏDOV