"Daha çox qol vurmaq olardı": Murad Musayev
ESTAFET/ "Burada oynamaq heç bir komanda üçün asan deyil. "Qəbələ" və "Qarabağ" da bu meydanda uduzub. Ona görə də 90 dəqiqə ərzində konsentrasiyanı saxlamaq lazım idi. Hücumlarımız yaxşı alınırdı. Amma sonluqlar istənilən kimi deyildi. Daha sakit oynaya bilərdik. Əsas odur ki, inamlı qələbə qazandıq".
Bunu "Sabah"ın baş məqşçisi Murad Musayev səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bilirdik ki, rəqibi ciddiyə almasaq, bizə baha başa gələcək. Daha çox qol vurmaq olardı, fürsətləri boşa verdik. Amma bu, arxayınlıqla bağlı deyildi".
39 yaşlı baş məşqçi yarımmüdafiəçi Elvin Camalovun çıxışından razı olduğunu söyləyib: "O, komandamızın lideridir. Müdafiədən hücuma keçərkən çox böyük iş görür. Düşünürəm ki, ən yaxşı mövsümlərindən birini keçirir".
Çalışdırıcı bildirib ki, əcnəbi oyunçuları Lukas Rangel və Aleksey Kaşuku komandada saxlamaq istəyirlər: "Hər ikisi "Sabah"ı, Azərbaycanı sevir. Nümayəndələri ilə danışıqlar aparırıq. Amma bu, kifayət qədər çətin prosesdir. Çünki Kaşuk Donetsk "Şaxtyor"una məxsusdur. Amma başqa komandada çıxış edir. Hələlik danışırıq, konkret bir şey yoxdur".
Musayev gənc oyunçu limitinin ləğv olunması qərarına da toxunub: "Təbii ki, çətin olacaq. Çünki heyəti buna uyğun komplektləşdirmişdik. Amma çempionatın başa çatmasına 3 həftə qalmış dedilər ki, limit ləğv olundu. Ümumiyyətlə, mən limitə qarşıyam. Meydanda ən yaxşılar oynamalıdır. Bu, bütün futbolçuların səviyyəsini artıracaq. Biz yalnız pasporta yox, oyunçunun ustalığına baxmalıyıq. Bununla belə, AFFA-nın qərarına hörmət etmək lazımdır. Növbəti mövsümdə komandanın necə olması seleksiya işlərindən və təlim-məşq toplanışından asılı olacaq".