Badmintonçularımız Lüksemburqda keçirilən beynəlxalq turnirdə iştirak edib

ESTAFET/ Lüksemburqda badminton üzrə "YONEX Luxembourg Open 2022" beynəlxalq turnirinə yekun vurulub. Turnirdə çıxış edən Ezmi Qovimuramadhoni və Era Maftuha şəxsi və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil edib.

Ezmi Qovimuramadhoni-Era Maftuha tandemi qarışıq qoşa yarışında təsnifatdan əsas mərhələyə yüksəlməyi bacarıb. İlk görüşündə Nikolas Frankonville-Vera Appenzeller (İsveçrə) qoşasına 2:1 (23-25, 21-14, 27-25) hesabı ilə qalib gələn badmintonçularımız növbəti qarşılaşmada Oskar Reuterhall-Fiona Hallberg (İsveç) tandemini 2:0 (21-15, 21-16) hesabı ilə məğlub edib. Ezmi və Era 1/16 finalda indoneziyalı Putra Muh-Rosalia Puspa qoşasına 0:2 (13-21,13-21) hesabı ilə məğlub olub.

Ezmi kişi badmintonçuların şəxsi kateqoriyasında əsas mərhələdə keçirdiyi ilk görüşdə danimarkalı Yager Jonasa 1:2 (12-21, 21-15, 17-21) hesabı ilə uduzub.

Era isə qadın badmintonçuların şəxsi kateqoriyasında təsnifat mərhələsində ilk görüşündə Sesilia Vanqı (İsveç) 2:1 (21-23, 21-13, 21-11) hesabı ilə məğlub edib. Era əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Odijk Diedeyə (Niderland) 0:2 (17-21, 11-21) hesabı ilə məğlub olub.

Müəllif: Zaur HACIYEV