Neftçi” və “Sabah” basketbol çempionatına qatıla bilər
ESTAFET/ “Azərbaycan çempionatı oktyabrda başlayacaq. Əgər əlahiddə bir şey baş verməsə, planımız belədir”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.
O bildirib ki, “Neftçi” və “Sabah” klubları Azərbaycan çempionatında basketbol komandası ilə təmsil olunmaq istəyir: “Bu proses yenidir. Ortaq məxrəc tapmaq lazımdır. Çempionata həmçinin NTD və “Xırdalan” klubları da qoşula bilər”.
Nazir Naxçıvan, Gəncə, Lənkəran və Qubadan olan komandaların da çempionatda mübarizə apara biləcəyini deyib: “Bunun üçün infrastruktur qurulmalıdır. Superliqaya başlaya bilsək, yaxşı olar. Aşağı liqalar da təşkil etmək istəyirik”.
Əmrullayev maliyyə məsələsinə də toxunub: “Dayanıqlı maliyyə sistemi qurmaq istəyirik. Bir çox ölkələrdə basketbolçular həm tələbə olur, həm basketbol oynayır. Biz də bu model üzərində düşünürük. Tələbə təqaüdlərindən aktiv istifadə haqqında fikirləşirik. Uzunmüddətli planlar var. Fikrimcə, basketbol özünü maliyyələşdirən idman növünə çevrilməlidir”.
Federasiya rəhbəri mərc oyunlarının Azərbaycan klublarına sponsor olmaq ehtimalı barədə bunu deyib: “Səmimi desəm, bunu ilkin mərhələdə müzakirə etmirik. Çünki biz basketbolu mərc oyunlarına çevirmək istəmirik. İdman prinsiplərini qorumaq niyyətindəyik. Amma növbəti mərhələdə ola bilər. Mənim şəxsi fikrim belədir ki, mərhələ-mərhələ hamısı həllini tapacaq”. (qafqazinfo)