Avtoqraf sessiyası və “Pit” zolağında gəzinti yenidən Bakı yarışında
ESTAFET/ Formula 1 azarkeşlərinin səbrsizliklə gözlədiyi avtoqraf sessiyası iki illik fasilədən sonra Azərbaycan Qran Prisinə qayıdır. Avtoidman həvəskarları yarış həftəsi, şənbə günü dünyaca məşhur pilotlarla yenidən görüşmək imkanı qazanacaqlar.
11 iyun tarixində bütün bilet sahibləri Formula 1 şəhərciyi ərazisində baş tutacaq avtoqraf sessiyasında öz sevimli ulduzlarını görə biləcəklər.
Formula 1-in üçüncü sərbəst yürüşündən öncə nəzərdə tutulan avtoqraf sessiyasında azarkeşlər kral yarışlarının ulduz sürücüləri ilə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcək, bu möhtəşəm görüşdən xoş təəssüratlarla ayrılacaqlar.
Bilet sahiblərindən avtoqraf sessiyalarının bir hissəsi olmaq və avtoidmanın məşhurları ilə görüşmək üçün əvəzolunmaz şansı əldən verməmək üçün Azarkeş Zonasına erkən gəlmələri xahiş olunur.
Avtoqraf sessiyaları ilə yanaşı, bu ilin bilet sahibləri “Pit” zolağında gəzə biləcəklər. “Pit” zolağı gəzintisi 9 iyun tarixində nəzərdə tutulub.
Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar “Pit” zolağında gəzə biləcəklər.
Bakı Şəhər Halqası yarışı yaxından izləmək və unudulmaz anlar yaşamaq istəyən tamaşaçıları 2022 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edir, bunun üçün hər kəsi bilet almağa səsləyir.