“Rubin”in futbolçusu Azərbaycanla oyunlarda iştirak etmək istəmədi

ESTAFET/ Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən Belarus millisi problemlə üzləşib. Yerli mətbuatın məlumatına görə, hücumçu Vitali Lisakoviç yığmada oynamaqdan imtina edib.

İyunda millimizlə iki dəfə, Slovakiya və Qazaxıstanla isə bir dəfə üz-üzə gələcək belaruslularda “Rubin”in forvardı dəvətə məhəl qoymayıb. Futbolçu Belarus Futbol Federasiyasından gələn zənglərə və mesajlara cavab verməyib. 24 yaşlı oyunçunun bu hərəkətinin səbəbi məlum deyil.

Qeyd edək ki, iyunun 3-də, 6-da və 10-da müvafiq olaraq Slovakiya, Azərbaycan və Qazaxıstanı Serbiyada qəbul edəcək Belarus yığması ayın 13-də Bakıda millimizin qonağı olacaq. (apasport)

Müəllif: Bəhruz MƏMMƏDOV