Basketbolçularımız AÇ-nin əsas mərhələsində

ESTAFET/ 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarım final oyununu keçirib.
Lüksemburq basketbolçuları ilə qarşılaşan yığma komandamız oyundan 15-13 hesabı ilə qalib ayrılaraq adını turnirin finalına yazdırıb. Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb və meydançadan 20-16 hesabı ilə qalib ayrılıb. Bu nəticələrdən sonra yığma komandamız 9-11 sentyabr tarixlərində Avstryanın Qratz şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, millimiz basketbolun 3x3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.
