"Əziz Şuşa" beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib
İyulun 10-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib. 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançının qatıldığı yarışın bu mərhələsi Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edib.
İdmançılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşa edilmiş “Zəfər yolu” ilə 71 km məsafədə şose velosipedinin qrup ötüşməsi növündə güclərini sınayıblar.
İkinci mərhələnin nəticələrinə görə, Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində yarışan, Azərbaycan milli komandasının üzvü Elçin Əsədov finişə hamıdan tez çatıb. Özbəkistanın “Tashkent City” klubunun üzvü Akramjon Sunnatov gümüş, Monqolustan milli komandasının üzvü İderbold Bold isə bürünc medal qazanıb. Yarışın lideri olduğuna görə Elçin Əsədova sarı köynək təqdim edilib.
İki günün yekunlarına əsasən komanda proqramında 1-ci yerə Türkiyənin "Sakarya BB Pro Team" klubu, 2-ci yerə Özbəkistanın "Tashkent City" klubu, 3-cü yerə Monqolustan milli komandası çıxıb.
Şuşa qalasının önündə keçirilən mükafatlandırma mərasimində birinci yerə çıxan idmançı və komandaya kubok, medal, qiymətli hədiyyələr, digər qaliblərə isə medal və qiymətli hədiyyələr təqdim olunub.
İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, AVF-nin vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.