Dünya çempionatında daha bir gümüş və iki bürünc medal
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşı minimal fərqlə üstələyib - 2:1. Ancaq 1/4 finalda özbəkistanlı Şaxzod Ruzioxunova məğlub olub - 3:11. Rəqib finala yüksəldiyi üçün Savadov bürünc medal uğrunda rumıniyalı Yonut Mereutayla qarşılaşıb. Elə ilk hissədə tam üstünlüklə (9:0) qələbə qazanan Hüseyn dünya üçüncüsü olub.
Vədat Qasımlı (51 kq) startda erməni Armen Gevorqyandan güclü olub - 4:2. Lakin 1/4 finalda özbəkistanlı Aytjan Xalmaxanovla bacarmayıb - 4:12. Rəqibin finaladək irəliləyib. Bu da milli üzvünə 3-cü yeri tutmaq şansı verib. Qasımlı təsəlliverici görüşdə israilli Amare Feteneni "tuşe" ilə üstələyib. Vədat bürünc medal uğrunda gürcüstanlı Anri Xozrevanidzeylə güləşib. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbəyə sevinən Qasımlı ölkəmizə bu yarışda 4-cü bürünc medalı qazandırıb.
Məhəmməd Qasımzadə (60 kq) təsnifat mərhələsində misirli Omar Murada (tuşe) uduzub.
Davud Məmmədov (71 kq) 1/8 finalda ukraynalı Maksim Radikə (3:1), 1/4 finalda isə qazaxıstanlı Tahir Amangeldiyə (5:2) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ermənistanlı Ararat Varderesyanla üz-üzə gələn həmyerlimiz elə ilk hissədə qələbəni təmin edib. Cəmi 1 dəqiqə 12 saniyə ərzində 9:0 hesablı qələbəyə sevinən Məmmədov adını finala yazdırıb. Avropa çempionatının gümüş medalçısı həlledici görüşdə gürcüstanlı Anri Putkaradze ilə qarşılaşıb. Finalda rəqibinə 1:3 hesabıyla məğlub olan Davud gümüş medal əldə edib.
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyana uduzub - 0:9. Rəqib finala yüksəldiyi üçün İsmayılov təsəlliverici görüşdə italiyalı Rikkardo Bufislə üz-üzə gəlib və bu görüşdən də məğlub ayrılıb - 1:7.