Bəhruz Nəbiyev: "Polad" komandası çövkən oyununun finalında 6 dəfə oynamasına baxmayaraq, yarışda ilk dəfə qalib gəldi
Bu il “Şuşa İli” çərçivəsində ölkəmizdə bir sıra tədbirlər təşkil olunur. Bu tədbirlərdən biri də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) keçirdiyi çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turniridir. Altı gündür davam edən turnirdə altı komanda kubok uğrunda mübarizə aparıb. Komandalar iki qrupa bölünmüşdü. Hər qrupdan iki komanda yarımfinal mərhələsinə yüksəlib. Avqustun 5-də üçüncü yer uğrunda mübarizə yekunlaşdı.
Bu barədə ARAF-ın baş katibi Bəhruz Nəbiyev Binə Atçılıq Mərkəzində keçirilmiş çövkən milli atüstü oyunu üzrə Şuşa kubokunun final görüşündən sonra jurnalistlərə müsahibəsində bildirib.
Bəhruz Nəbiyev qeyd edib ki, yeni yaradılmış “Sərhədçi Dilbaz” çövkən komandası üçüncü yer uğrunda mübarizədə “Köhlən”ə 5:0 hesabı ilə qalib gələrək bürünc medalın sahibi oldu. Bu gün isə final oyunu təşkil olundu. “Polad” komandası indiyədək altı dəfə finalda oynamasına baxmayaraq, yarışın qalibi ola bilməmişdi. Nəhayət, komanda bu gün ilk dəfə “Buta” komandasını 2:1 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazandı.
Baş katib vurğulayıb ki, çövkən oyunu federasiya üçün hər zaman prioritet məsələlərdən biridir. Çünki iki il əvvəl ARAF yarışlarda yalnız milli cins atlarının istifadə olunmasına qərar verdi. Bu atların milli cinsə mənsub olması xüsusi DNT təhlilləri əsasında həyata keçirilib. Bu isə yalnız milli cins atlarının sayının çoxalmasına yönəlmiş addımdır.
Xatırladaq ki, bu gün keçirilən yarışın finalında “Polad” komandası gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada turnirin birincisi adına yiyələnib.
azertag.az