Kişi voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
ESTAFET/ Kişi voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda A qrupunda mübarizə aparan yığmamız Sudan seçməsi ilə qarşılaşıb.
Komandamız rəqibini 3:0 (25:13, 25:20, 25:22) hesabı ilə məğlub edib. Baş məşqçi Pərviz Səmədovun yetirmələri növbəti oyununu avqustun 11-də Kamerun millisinə qarşı keçirəcəklər.
Yığmamız A qrupunda Sudan, Kamerun və Mərakeş seçmələri ilə birgə mübarizə aparır.
Qeyd edək ki, Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq. Azərbaycanın aktivində 1 medal var. Belə ki, atletimiz Anna Skidan çəkicatma yarışlarında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.