Daha bir güləşçimiz V İslamiadada gümüş medal qazanıb
Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.
Güləşçimiz həlledici görüşdə İran idmançısı Mahmud Rüstəmi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Ü.Qənizadə 8:9 hesabı ilə məğlub olub və turniri ikinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
azertag.az