Üçqat Avropa və dünya çempionu Rafiq Hüseynov V İslam Həmrəyliyi Oyunlarının qalibi olub
Üçqat Avropa və dünya çempionu olan yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Qızıl medal uğrunda görüşdə təmsilçimiz Qırğızıstan idmançısı Kalidin Asikeyev ilə üz-üzə gəlib.
İlk hissədə hesabda geri olan R.Hüseynov sonradan əzmkarlıq nümayiş etdirərək 6:3 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
azertag.az