“Qarabağ” futbolçusuna qovuşdu
ESTAFET/ “Qarabağ”ın zədəli futbolçusu düşərgəyə təşrif buyurub. Söhbət ötən ay Almaniyada əməliyyat olunan, daha sonra müalicə üçün Portuqaliyaya yollanan Kevin Medinadan gedir.
Kolumbiyalı müdafiəçi sentyabrın 2-də Azərbaycana gələrək “Qarabağ”a qoşulub. Lakin ona kollektiv və toplu çalışmalara icazə verilmir.
Medina hələ ki, fizioterapevt nəzarətində fitnes zalında fərdi məşq etməlidir. Nəzərdə tutulmuş vaxtda hazırlığı başa vurandan sonra öncə yaşıl meydanda fərdi şəkildə çalışacaq, daha sonra kollektivə qoşulacaq.
Kevinin yaşıl meydanlara dönüşü ən yaxşı halda 1 aydan sonra baş tuta bilər.
“Qarabağ”ın müdafiə xəttinin aparıcı fiquru iyulun 27-si Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Sürix”lə səfər oyununda zədələnmişdi.