Avarçəkənlərimiz bu dəfə neftçalada axmaz gölü dalğalandıracaq

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası avarçəkənlərin Neftçala rayonunda təlim məşq toplanışını təşkil edəcək. 9 sentyabr saat 12-də keçiriləcək toplanış Axmaz göl su hövzəsində baş tutacaq. Təlim məşq prosesində avarçəkmə üzrə milli komandamızın Bakıdan və Mingəçevirdən olan üzvləri iştirak edəcək. Tədbirin təşkili Neftçala və ətraf rayonlarda avarçəkməyə olan marağı daha da artırmaq məqsədi daşıyır.  

Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı cənab İlham Əliyevin idmana və idmançılara olan qayğısı bu gün Azərbaycanda digər idman növləri ilə yanaşı avarçəkmənin inkişafına da böyük dəstək verir. Bu etimadı doğrultmaq üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prioritetlərindən biri ölkə ərazisində avarçəkmə idman növünün coğrafiyasını genişləndirməkdir. Həmçinin bu idman növündə kütləviliyin təmin olunması, avarçəkməni yeniyetmə və gənclərimiz üçün əlçatan etmək qarşıdakı planlara daxildir. Bu sayədə gələcəkdə daha çox peşəkar idmançı yetişdirmək şəraiti olacaq. Nəticədə milli komandaya idmançı seçimi üçün geniş imkanlar yaranacaq. Neftçalada təşkil olunacaq təlim-məşq toplanışı da bu planlar çərçivəsindədir.

Onu da bildirək ki, AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu tipli tədbirlər keçirməyi planlaşdırır.

Müəllif: Bəhruz MƏMMƏDOV