AVARÇƏKƏNLƏRİMİZ "OLİMPİYA ÜMİDLƏRİ" TURNİRİNDƏ İŞTİRAK EDİBLƏR

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası yeniyetmə və gənclərin avarçəkmə idman növündə inkişafına böyük diqqət ayırır. Təlim-məşq toplanışları və yerli turnirlərlə yanaşı beynəlxalq arenalarda çıxışlar idmançılarımız üçün xüsusi təcrübədir. AKAF bu mənada yeniyetmə və gənc idmançıların müxtəlif beynəlxalq yarışlarda iştirakını təmin etməklə onların təcrübə toplaması üçün şərait yaradır.

Belə turnirlərdən biri də Slovakiyanın paytaxtı Bratislavada keçirilib. Avarçəkmənin kayak və kanoe növlərində yeniyetmələrin mübarizə apardığı “Olimpiya Ümidləri” adı altında təşkil olunan yarışlarda iki idmançımız iştirak edib. Gülnarə Həmzəzadə 200 və 500 metr məsafəyə yürüşlərdə kanoedə, Maarif Qarayev isə 200 və 500 metr məsafəyə kayakda qüvvəsini sınayıb. Hər iki idmançımız üçün “Olimpiya Ümidləri” yarışı gələcək inkişaf və perspektiv baxımından böyük təcrübə olub.

Qeyd edək ki, “Olimpiya Ümidləri” turnirində 40 ölkədən avarçəkənlər iştirak edib.

Müəllif: Bəhruz MƏMMƏDOV