AVF-də "Yüksəl" təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib
Oktyabrın 17-də Azərbaycan Velosiped Federasiyasında “Yüksəl” təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə baş tutan görüş zamanı AVF-nin Hakimlər Kollegiyasının üzvü, professor Əli Halfayev, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin trek velosipedi üzrə məşqçisi Elçin Qəhrəmanov və Respublika Velotrekinin direktoru Tamerlan Salahov gənclərə velosipedin yaradılma tarixi, Azərbaycan Velosiped Federasiyasının fəaliyyəti, filialları, velosiped məktəbləri, velosipedlərin növləri, yarışların təşkil edilməsi və qaydaları, təhlükəsizlik tədbirləri və “Əziz Şuşa” beynəlxalq velosiped yarışı haqqında geniş məlumatlar veriblər.
Onlar təcrübə proqramının iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Daha sonra T.Salahov gəncləri Respublika Velotreki ilə tanış edib. Proqram iştirakçıları yarış treki, fitnes zalı, velosipedə aid muzey və velosiped bokslarında olub, təlimatçıların nəzarəti ilə velosiped sürüblər.
Gənclər Federasiya rəhbərliyinə geniş informasiya tutumlu görüşə görə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Yüksəl” təcrübə proqramı Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə iki ay müddətində icra edilir. Layihə çərçivəsində iştirakçılara gənclər və idman tədbirləri, müxtəlif turnirlər, intellektual yarışların keçirilmə qaydaları, həmçinin dövlət qulluğu, sertifikasiya və müsahibə mərhələləri haqqında ətraflı məlumatlar verilir.