ÜADA Şəfəq Hüseynlinin rəhbərlik etdiyi Qrupun hesabatını dərc edib

ESTAFET/ Ümumdünya Antidopinq Agentliyi (ÜADA) Pekin-2022 Qış Paralimpiya Oyunlarında antidopinq proqramı və dopinq nəzarətini qiymətləndirən geniş hesabat dərc edib. Hesabat AMADA-nın direktoru Şəfəq Hüseynlinin rəhbərlik etdiyi ÜADA-nın Müstəqil Müşahidəçi Qrupu tərəfindən hazırlanıb. Hesabatda bildirilir ki, ÜADA-nın müşahidəçi qrupu təsisatı Olimpiya və Paralimpiya Oyunları da daxil olmaqla böyük idman tədbirlərində antidopinq  proqramının bütün aspektlərini  nəzərdən keçirməyə imkan verən mühüm monitorinq  elementidir. Hazırlanan hesabatlar  dopinq nəzarətinin təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və gələcəkdə daha təkmil antdopinq proqramlarının hazırlanması üçün vacibdir.

ÜADA hesabatla bağlı ictimaiyyət üçün geniş açıqlama da yayıb. Açıqlamada Müstəqil Müşahidəçi Qrupunun  rəhbəri Şəfəq Hüseynlinin də fikirlərinə geniş yer verilib: “Pekin 2022 Qış Paralimpiya Oyunlarında ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik etmək böyük şərəf idi. Müşahidəçi Qrupu  Beynəlxalq Paralimpiya Komitəsi başda olmaqla Oyunları yüksək səviyyədə təşkil edən və antidopinq proqramının uğurla həyata keçirilməsinə töhfə verən bütün  tərəfdaşlara təşəkkür edir.” Şəfəq Hüseynli, nümunə toplama heyətinin məsuliyyəti  və peşəkarlığı, habelə könüllülərin dəstəyi ilə oyunlarda antidopinq proqramının uğurla icra edildiyini bildirib.  Pandemiya səbəbindən yaranan məhdudiyyətlərə baxmayaraq  dopinq nəzarəti effektiv şəkildə təşkil olunub.

Hesabatda bildirilib ki, Pekində keçirilən Qış Paralimpiya oyunlarında icra olunan antidopinq proqramında bir sıra yenilikləri və müsbət təcrübələr olub.  Bütün bunlar növbəti oyunlarda  həyata keçiriləcək antidopinq proqramlarında nəzərə alınacaq.

Xatırladaq ki, 4-13 mart 2022-ci il tarixlərində keçirilmiş “Pekin-2022” Qış Paralimpiya Oyunlarında ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna AMADA-nın direktoru Şəfəq Hüseynli rəhbərlik etmişdi. 

 Müşahidəçi Qrupuna sədr - Azərbyacandan AMADA-nın direktoru Şəfəq Hüseynli, digər ölkələrdən sədr müavini - İtaliyadan ÜADA-nın Test üzrə Baş meneceri İlaria Baudo, üzvlər - Birləşmiş Krallıqdan Beynəlxalq Reqbi Federasiyasının Antidopinq üzrə baş meneceri Mayk  Earl, Misirdən ÜADA-nın Afrika ofisinin meneceri  Sameh Elray və El Salvadordan ÜADA-nın Ateletlər Komitəsinin üzvü Adriana Eskobar daxil idi.

Müəllif: Bəhruz MƏMMƏDOV