"Sabah" "Qarabağ"la oyuna itki ilə çıxacaq

ESTAFET/ Bazar günü Misli Premyer Liqasının 14-cü turu prinsipial duellə yadda qalacaq.

Lider "Qarabağ" ən yaxın izləyicisi və çempionluğa iddialı rəqiblərindən olan "Sabah"ın qonağı olacaq. 

Masazırda baş tutacaq mərkəzi oyunda "Sabah"ın futbolçuları baş məşqçi Murad Musayevə hədiyyə edə bilərlər. Rusiyalı məşqçinin bu gün 39 yaşı tamam olur. 

Ancaq "Sabah"ı qayğılandıran məqam heyətdəki itkidir. Belə ki, müdafiəçi Amin Seydiyev cəza səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. O, 13-cü turda səfərdə “Səbail”lə görüşdə aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşüb. Maraqlıdır ki, həmin oyun Seydiyev üçün əlamətdar olub. Belə ki, o, “Səbail”lə görüşdə “Sabah”ın formasında 67-ci rəsmi oyununu keçirərək klubun heyətində ən çox matça çıxan Saşa Stamenkoviçin rekordunu təkrarlayıb.

"Sabah" - "Qarabağ" oyunu noyabrın 13-də saat 17:00-da "Bank Respublika Arena"da keçiriləcək.

Müəllif: Orxan NOVRUZOV