FIFA prezidentindən atəşkəsə çağırış

ESTAFET/ FIFA prezidenti Canni İnfantino dünya liderlərini bu il Qətərdə keçiriləcək dünya çempionatı zamanı Ukraynada atəşkəsi təşviq etməyə çağırıb.

52 yaşlı funksioner bu barədə G20 liderlərinin İndoneziyanın Bali əyalətində keçirilən sammitində qeyri-rəsmi nahar zamanı bildirib.

İnfantino 2018-ci ildəki mundialın Rusiyada gerçəkləşdiyini, Ukraynanın isə 2030-cu ildəki yarışa namizəd olduğunu xatırladıb: “Növbəti çempionat çox yaxında başlayacaq. Bununla bağlı sizə təklifim var: müvəqqəti atəşkəslə razılaşın. Yaxud iki tərəf arasında dialoqa doğru ilk addım ola biləcək humanitar dəhlizlərin təşkili və ya buna bənzər bir şey haqqında razılıq əldə olunsun.

Həmçinin FİFA prezidenti mundialın rəsmi topunu toplantıya gətirib və naharda iştirak edənlərin hər birindən onu imzalamağı xahiş edib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV