İlqar Rəhimov və Böyük Britaniyanın Azərbaycandakı səfiri arasında görüş keçirilib

07 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld arasında görüş keçirilib.
Görüşdə Milli Paralimpiya Komitəsinin icraçı direktoru Eldar Babayev, Komitənin beynəlxalq əlaəqlər və marketinq şöbəsinin müdiri Rüfət Hacılı iştirak ediblər.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya və abilimpiya hərəkatlarının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyətlər barədə məlumat verib.
İ.Rəhimov bildirib ki, keçən il Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan milli komandası 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 19 medal qazanaraq Oyunları 10-cu pillədə tamamlamışdır. Eyni zamanda İ.Rəhimov Böyük Britaniya millisinin də Tokioda əldə etdiyi nəticələri yüksək qiymətləndirərək qeyd edib ki, Böyük Britaniya Paralimpiya Komitəsi ilə əlaqələrin genişləndirilməsi hər iki ölkədə paralimpiya hərəkatının inkişafına daha da təkan verəcək. Komitə prezidenti qarşılıqlı əməkdaşlıq çərçivəsində fiziki imkanları məhdud şəxslər arasında kifayət gədər popular olan boccia idman növü üzrə idmançılara britaniyalı ekspertlər tərəfindən təlimlərin keçirildiyini bildirib.
İlqar Rəhimov ölkəmizdə fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə mühüm işlər görüldüyünü qeyd edib. Komitə prezidenti ölkəmizdə sürətlə inkişaf edən abilimpiya hərəkatı haqqında səfirə məlumat verib. O, bildirib ki, hərəkat üzvləri müxtəlif peşə sahələrinə cəlb olunaraq kurslarda iştirak edir, bununla öz bacarıqlarını artırır. Hərəkatın əsas məqsədi, əlilliyi olan şəxslərin abilitasiya tədbirləri vasitəsi ilə cəmiyyətə inteqrasiyası və gələcəkdə onların işlə təmin olunmasıdır.
Eyni zamanda Komitə prezidenti səfir Fergus Aulda uşaq paralimpiya hərəkatı barədə məlut verib. İ.Rəhimov gələn il 10 illik yubileyini qeyd edəcək hərəkat bu müddət ərzində yüzlərlə sağlamlıq imkanları məhdud uşaqları idmana cəlb edərək onların cəmiyyətə inteqrasiyasını təmin edib, eyni zamada peşəkar idmançıları hazırlamağa bacarıb.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Böyük Britaniyanın bp şirkətinin paralimpiya hərəkatına göstərdiyi dəstəkdən də söz açıb. O, bildirib ki, Komitə və bp Azərbaycan şirkəti uzun müddətdir ki tərəfdaşlıq edir, birlikdə müxtəlif layihələri həyata keçirir və bu sözsüz ki, iki dövlət arasında olan isti münasibətlərin göstəricisidir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz növbəsində görüş üçün təşəkkürünü bildirib, paralimpiya və abilimpiya hərəkatlarının fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası və özlərini inkişaf etdirməsi üçün prioritet sahələrdən biri olduğunu və Böyük Britaniyada da bu sahələrə geniş marağın olduğunu qeyd edib.
Daha sonra tərəflər arasında birgə əməkdaşlıq mövzusunda geniş müzakirələr aparılıb və Böyük Britaniyanın ölkəmizdəki ticarət palatasının növbəti iclasında Milli Paralimpiya Komitəsinin təqdimatla çıxış etməsi müzakirə olunub.

