Şose velosipedi üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirilib

ESTAFET/ 2023-cü il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən fevralın 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən mövsümün ilk ölkədaxili velosiped yarışının birinci günü idmançılar fərdi ötüşmə, ikinci günü isə qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 62 velosipedçinin iştirak etdiyi yarışın hər iki mərhələsi “Dreamland” Qolf Klubun yaxınlığında baş tutub.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar fərdi ötüşmə növündə 14 km, qrup ötüşməsində 80 km, yeniyetmə oğlanlar və qadınlar fərdi ötüşmə növündə 7 km, qrup ötüşməsində isə 48 km məsafə qət ediblər.

Nəticələrə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN), yeniyetmə oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini qabaqlayaraq hər iki növ üzrə birinci yerə layiq görülüblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV