“Müqavilənin müddətini uzatmayacağam”: De Byazi
ESTAFET/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu ilin sonunda yığmamızdan ayrılacaq.
İtaliyalı mütəxəssis bu barədə ölkəsinin mətbuatına (“Radio Crc”) açıqlamasında deyib:
“Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu bir daha uzatmayacağam”.
67 yaşlı mütəxəssis yığmanın ardıcıl beş qələbə qazanmasını qeyri-adi hadisə hesab edib: “Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim. İtaliya A Seriyası üçün hazır futbolçu yoxdur. Amma düşünürəm ki, bəzi gənc futbolçular inkişaf edə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan yararlana bilmir”.
O, növbəti görüşdə 20 yaşlı qapıçıya (“Sabah”ın qapıçısı Yusif İmanova) şans verəcəyini söyləyib: “Çünki artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, gənc olsa da, ona şans vermək lazımdır”.
Xatırladaq ki, Azərbaycan millisi martın 24-də AÇ-2024-ün seçmə mərhələsində Avstriya yığmasının qonağı olacaq. (Sports.az)